Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

“Road and Traffic-2013”:
İNFRASTRUKTURUN MÜASİRLƏŞDİRİLMƏSİ SAHƏSİNDƏ ƏN YAXŞI NÜMUNƏLƏR

Bakı Ekspo Mərkəzində “Road and Traffic 2013” 3-cü Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” sərgisi öz işinə başladı. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkətləri çıxış edirlər. Regionun yol infrastrukturunun geniş mənzərəsini əks etdirən bu ixtisaslaşdırılmış tədbirin əhəmiyyətini lazımınca qiymətləndirməmək mümkün deyil. İnşaatçılar, yol mühəndisləri və bu sahənin mütəxəssisləri ənənəvi olaraq növbəti “Road and Traffic” sərgisinin açılışını səbirsizliklə gözləyirdilər və artıq bu gün sərginin ilk ziyarətçiləri bazarın ən böyük iştirakçıları tərəfindən təqdim olunan geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri ilə maraqla tanış olurdular.

Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov qeyd etdi ki, “Road and Traffic-2013” sərgisi işgüzar danışıqların aparılması, qarşılıqlı faydalı müqavilələrin imzalanması üçün unikal platforma olmaqla yanaşı, regionun infrastrukturunun gələcək inkişafı üçün əlverişli mühitin yaradılması, birgə müəssisələrin təsis olunması və ölkənin yol-tikinti bazarına investisiya layihələri, texnologiya və avadanlıqların təşviq olunmasına xidmət edir. Musa Pənahov həm respublikada, həm də regional miqyasda nəqliyyat infrastrukturunun inkişafının əhəmiyyətini vurğuladı. Hazırda Azərbaycanda beynəlxalq dəmiryol şəbəkəsi, Bakıda yeni hava limanı, Ələt qəsəbəsində isə beynəlxalq dəniz limanının tikintisi, habelə müasir gəmiqayırma zavodunun inşası kimi qlobal layihələr həyata keçirilir. Bu layihələr ölkənin artan potensialına və Azərbaycanın getdikcə güclənməsinə dəlalət edir. Bakı şəhərinin yeni avtobus və taksilərlə təchiz edilməsi çox vacibdir və bu ehtiyac 2015-ci ildə Azərbaycanda Avropa oyunları keçirilərkən daha da kəskin hiss olunacaq. Həmin vaxta qədər bütün nəqliyyat layihələrini başa çatdırmaq, eləcə də əsas magistral avtomobil yollarını inşa və bərpa etmək planlaşdırılır.

Açılış mərasimində çıxış edən “Iteca Caspian” MMC-nin direktoru Fərid Məmmədov ötən il ilə müqayisədə sərginin 20% genişləndiyini qeyd etdi. Bu il debütantların sayı da artaraq sərginin ümumi meydançasının 30%-ni təşkil etmişdir. Builki sərgi iştirakçıların coğrafiyasını genişləndirərək 62 şirkəti əhatə edib. Yunanıstan, İtaliya və Sinqapurdan olan şirkətlər sərgidə ilk dəfə təmsil olunurlar. İştirakçıların 60%-dən çoxu sərginin mövzusunu əhatə edən ən müxtəlif sahələr üzrə innovasiyalı avadanlıq və texnologiyaları təqdim edirlər. Sərgidə kommersiya təşkilatları ilə yanaşı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturları olan Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Azəryolservis”, Şəhər Nəqliyyatının İntellektual İdarəolunması Mərkəzi və Bakı Metropoliteni kimi qurumlar da iştirak edirlər.

Sərgi Azərbaycanda köhnə avtomobil yollarının müasirləşdirilməsi və bərpası, habelə yeni yollar, piyada keçidləri və körpülərin inşası üzrə fəal işlərin görülməsini əyani olaraq nümayiş etdirir. “Road and Traffic 2013” sərgisi yol infrastrukturunun Azərbaycan üçün ən aktual bölümlərini ehtiva edən tematik ekspozisiyaları özündə birləşdirir. Sərgi stendlərində təqdim olunan müxtəliflik yerli problemləri əks etdirir və paytaxtdakı sürücülüyün təsvirini təqdim edir. Sərnişin və piyadaların meqapolis daxilində daimi hərəkəti, yüz minlərlə insanın ən çox istifadə etdiyi marşrutlar, insanların toplaşdığı çoxsaylı mərkəzlər və yollarda tıxac probleminə qarşı mübarizə üsulları sərgidə təqdim olunur. Bu gün ölkədə nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması və müasirləşdirilməsi sahəsində işlər davam etdirilir, ödəniş kartlarının eyniləşdirilməsi üçün turniket və aparatları zəruri edən yeni gediş haqqı sistemləri, yükləmə terminalları, bu kartların sifarişi və s. bu kimi xidmətlərin tətbiqi planlaşdırılır. Bütün bunlar Azərbaycan, Almaniya, Türkiyə, Fransa və digər ölkələrin şirkətləri tərəfindən sərginin “Nəqliyyat sahəsində informasiya texnologiyaları” bölümü çərçivəsində təqdim olunur.

“İctimai nəqliyyat” bölümü də reallaşdırılması günün zəruri vəzifəsi hesab olunan layihələrlə maraqlı şəkildə təqdim olunub. Şəhər əhalisinin ən məşhur ictimai nəqliyyat vasitəsi olan metro şübhəsiz ki, daim iştirakçıların diqqət mərkəzindədir. Sərgidə həm metro və tunel tikintisi üçün avadanlıq və texnologiyalarla, həm də vaqonqayırma, metro və onun intellektual təchizatı üçün avadanlıqlarla tanış olmaq mümkündür. Bakı şəhəri fasiləsiz olaraq yeraltı yollar şəbəkəsini genişləndirir. Növbəti mərhələdə yeni stansiyaların istismara verilməsi və vaqon parkının yenilənməsi nəzərdə tutulur.

“Road and Traffic” sərgisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“AZPROMO”) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 2013-cü ildə “Iteca Caspian” MMC tərəfindən keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Poynt Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər. Sərginin təşkilatçıları “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətidir. “Road and Traffic-2013” sərgisinin sponsorluğu Fransanın “Systra” şirkəti tərəfindən təmin olunur.





TRANSCASPIAN SƏRGİSİ İLƏ BİRLİKDƏ
TransCaspian
SPONSOR
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  01/06/2020 02/06/2020
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



Road & Traffic Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek